Şəfa duaları (#4826)

Ey Allah, mənim Allahım! Sənin şəfaverici dəryanla, fəzl Günəşinin parıltısı ilə, Öz bəndələrini tabe etdiyin Adınla, Uca Kəlamının nüfuzedən qüvvətilə, Sənin ən müqəddəs Qələminin Qüdrətilə və göydə və yerdə olan bütün məxluqatın üstündə olan mərhəmətinlə – diləyirəm Səndən – məni hər bir qəm-qüssədən və xəstəlikdən, hər bir zəiflik və acizlikdən Öz kəramət sularınla pak eylə.

Sən Görürsən, Ey mənim Allahım, Sənə yalvaran Sənin kəramət qapının önündə dayanıb və Sənin səxavət ipindən yapışaraq ümidlərini Sənə bağlayıb. Yalvarıram Sənə, fəzl dənizindən və inayət Günəşindən istədiyi şeylərdə onu rədd etmə.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Həmişə Bağışlayan və Ən Səxavətli.

-Bahá'u'lláh
-----------------------

Şəfa duaları (#4827)

Sənin adın mənim şəfamdır, Ey mənim Allahım, Səni zikr etmək mənim dərmanımdır. Sənə yaxınlıq mənim ümidim və Sənə məhəbbət mənim munisimdir. Sənin mənə mərhəmətin həm bu, həm də o biri dünyada mənim şəfam və yardımımdır. Sən, həqiqətən, ən Kəramətli, ən çох Bilən və ən Hikmətlisən.

-Bahá'u'lláh
-----------------------

Şəfa duaları (#4828)

Alqış Sənə, Ey mənim Rəbbim Allah! And verirəm Sənin o adına ki, onunla Sən hidayət bayraqlarını ucaltdın, inayət şəfəqlərini saçdın, Öz İlahi hökmranlıq səltənətini aşkar etdin; onunla Sənin adlarının çırağı Sənin sifətlərinin taxçasında zahir oldu və Sənin Birlik Məbədin və inqita Məzhəri olan Kəs parladı; onunla Sənin hidayət yolların bilindi, razılıq yolların nişanlandı; onunla azğınlıq sütunları titrədi, zülm və haqsızlıq əlamətləri aradan qalxdı; onunla hikmət çeşmələri qaynadı və səma nemətləri nazil oldu; onunla Sən Öz bəndələrini qorudun və şəfanı bəxş eylədin; onunla Sən bəndələrinə mərhəmətini göstərdin və əfvini məxluqatına aşkar etdin - yalvarıram Sənə, Sənə bərk-bərk yapışanı və Sənə dönəni, Sənin mərhəmətindən və Sənin məhəbbət ətəyindən tutanı hifz eylə. Sonra ona Öz şəfanı nazil eylə, onu salamat eylə, ona səbr və dözüm əta eylə və Öz ucalığından ona sakitlik bəxş eylə.

Sən, həqiqətən, Şəfaverən, Qoruyan, Kömək Edən, Qüdrətli, Qüvvətli, Ən Cəlallı, Hər şeyi Bilənsən.

-Bahá'u'lláh
-----------------------

Şəfa duaları (#4829)

Təriflər olsun Sənə, Ey mənim Rəbbim Allah! Sənin ən Böyük Adına and verirəm ki, onunla Sən bəndələrini hərəkətə gətirdin, şəhərlərini inşa etdin və Səni and verirəm ən ali adlarına və ən uca sifətlərinə, Öz xalqına yardım eylə ki, Sənin bol kəramətinə tərəf dönsünlər və üzlərini Sənin hikmət Məbədinə çevirsinlər. O xəstəlikləri sağalt ki, canları hər tərəfdən bürüyüb və onları, nəzərlərini Sənin himayədar Adının sığınacağında olan Cənnətə yönəlməkdən məhrum edib, O Adın ki, Sən onu göydə və yerdə olanlar üçün adların Sultanı təyin etmisən. Sən istədiyini etməyə Qadirsən. Bütün adların səltənəti Sənin əlindədir. Səndən başqa Allah yoxdur, Qüdrət və Hikmət Sahibi.

Mən ancaq fəqir bir məxluqam, İlahi, Sənin zənginlik ətəyindən tutmuşam. Ağrılı bir xəstəyəm; Sənin şəfa ipindən bərk yapışmışam. Məni saran xəstəliklərdən məni qurtar, fəzl və mərhəmət sularınla məni yu, Öz əfvin və kəramətinlə məni sağlamlıq libası ilə bəzə. Sonra məni qadir eylə ki, gözlərimi Sənə dikim və məni Səndən başqa hər bir bağlılıqdan xilas eylə. Sənin istədiyini etməkdə və razı qaldıqlarını həyata keçirməkdə mənə yardım eylə.

Sən, həqiqətən, bu aləmin və o biri aləmin Rəbbisən. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Mərhəmətlisən.

-Bahá'u'lláh
-----------------------

